Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşüblər.
“Təcili beynəlxalq və regional problemlər, o cümlədən İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyət, Cənubi Qafqazdakı vəziyyət və Fələstin-İsrail münaqişəsi zonası ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb. Xarici siyasi koordinasiyanın hazırkı yüksək səviyyədə saxlanmasında qarşılıqlı maraq vurğulanıb”, - Rusiya XİN-in mesajında deyilir.
Qeyd olunur ki, nazirlər Rusiya və İran arasında strateji tərəfdaşlıq qurmaq yolunun dəyişməzliyini və əvvəllər razılaşdırılmış bütün birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Lavrov və Əraqçi ən yüksək səviyyədə qarşıdakı təmasların qrafiki barədə razılığa gəliblər. Lavrov iranlı həmkarını yenidən Moskvaya dəvət edib.