ABŞ prezidenti Co Bayden Pentaqona Ukraynaya ayrılması daha əvvəl Konqresdə təsdiq edilmiş bütün vəsaiti göndərməyi tapşırıb.
Ağ Evin bəyanatında bildirilir ki, 5,5 milyard dollar Pentaqonun arsenallarından Ukraynaya Amerika hərbi texnikası verilməsinə və müvafiq olaraq bu arsenalların yeni avadanlıqlarla təchiz edilməsinə sərf olunacaq. Ukraynaya təhlükəsizlik sahəsində dəstək təşəbbüsü çərçivəsində Kiyevə hərbi texnikanın tədarükünə daha 2,4 milyard dollar ayrılacaq. Söhbət yeni hava hücumundan müdafiə sistemlərindən, dronlardan, raketlərdən gedir. Bayden Ukraynanın uzaqmənzilli zərbə imkanlarını artırmaq üçün Ukraynanı JSOW kruiz bombaları ilə təchiz etmək qərarına gəldiyini də açıqlayıb.