Sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan İtaliyanın baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər regional hadisələri müzakirə ediblər. Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində ER-nin atdığı addımlara toxunulub.
Nazir Mirzoyan vurğulayıb ki, Ermənistanın qısa müddət ərzində Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün aydın siyasi iradəsi var və bu, Ermənistanın müqavilə layihəsi ilə bağlı təqdim etdiyi son təklifin məqsədi olub.
Nazir Mirzoyan vurğulayıb ki, ER-nin regionda sabitliyin təmin edilməsi baxışı ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə, sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də qarşılıqlı iqtisadi əlaqələrə yönəlmiş təşəbbüslərə əsaslanır.
Ermənistan və İtaliyanın xarici işlər nazirləri ER-Aİ tərəfdaşlığının dərinləşdirilməsi perspektivlərinə də toxunublar.