Sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan Syerra-Leonenin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Timoti Musa Kaba ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər Syerra-Leonenin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və BMT Təhlükəsizlik Şurasının beynəlxalq sabitliyi və sülhü qorumaq mandatını nəzərə alaraq beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Nazir Mirzoyan ER-nin Cənubi Qafqazda sabit, ədalətli və hərtərəfli sülhün bərqərar olmasına dair baxışını, o cümlədən Azərbaycanla sülh müqaviləsinin bağlanmasının vacibliyini və bu istiqamətdə görülən səyləri təqdim edib.
Ermənistan və Syerra-Leone xarici işlər nazirləri, həmçinin Ermənistanın Afrika qitəsi ölkələri ilə tərəfdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduğunu nəzərə alaraq, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivlərinə toxunublar.