Sentyabrın 23-də ER Parlamentinin sədri Alen Simonyan Ermənistanda rəsmi səfərdə olan Andorra Knyazlığı parlamentinin sədri Karles Ensenyat Reiqi qəbul edib. Bu barədə Parlamentdən bildirilib.
ER Parlamentinin sədri ona Ermənistana səfərinə görə təşəkkür edib və ikitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılması baxımından belə səfərlərin əhəmiyyətini vurğulayıb.
Alen Simonyan iki ölkənin parlamentləri arasında institusional əməkdaşlığın inkişafına təşəbbüs göstərməyi, xüsusən də xarici əlaqələr komissiyaları arasında fəal əlaqə yaratmağı, o cümlədən turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fəal addımlar atmağı təklif edib.
Ermənistan parlamentinin rəhbəri ER hökumətinin təşəbbüsü ilə həyata keçirilən “Sülhün kəsişməsi” layihəsini andorralı həmkarına təqdim edib, onun əhəmiyyətindən danışıb və ER-nin Azərbaycanla sülh müqaviləsi imzalamaq əzmində olduğunu bir daha təsdiqləyib.
Karles Ensenyat Reiq, öz növbəsində, səmimi qəbula görə ER Parlamentinin sədrinə təşəkkür edib və xüsusilə ER-Aİ münasibətlərinin yeni səviyyəsi fonunda Ermənistanla münasibətlərin inkişafı və dərinləşməsinin Andorra üçün vacib olduğunu qeyd edib.