Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda həbsdə olan tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovu müdafiə kampaniyasına başlayıb.
Təşkilatın saytında Azərbaycan rəhbərliyinə tədqiqatçıları azad etmək tələbi yer alan müraciət nümunəsi dərc edilib, Turan agentliyi bildirir.
“Alimlər İqbal Əbilov və Bəhruz Səmədov elmi əsərlərinə və fəallıqlarına görə qisas olaraq “dövlətə xəyanət” də daxil olmaqla, saxta ittihamlarla həbs olunublar. Hər ikisi həbsdə qalmaqdadır və ailələrinin onlara baş çəkməsinə və ya onlarla ünsiyyət qurmasına icazə verilmir. Təqsirli bilinsələr, onları 20 ilədək həbs cəzası gözləyir”, deyə müraciətdə bildirilir.
Müraciətdə Səmədov və Əbilova qarşı ittihamların əsası haqqında açıq rəsmi məlumatın olmadığı qeyd edilir. Onların məhkəmə təhqiqatları qapalı aparılır və vəkillərin onların işləri haqqında məlumatı paylaşmasına icazə verilmir, lakin vəkillər onların ittihamları təkzib etdiklərini bildirirlər.
Müraciətdə qeyd edilir ki, Səmədov müharibə əleyhinə fəaldır, Əbilov isə Azərbaycan talışları da daxil olmaqla, milli azlıqların hüquqlarının fəal müdafiəçisi idi. “Onların həbsi Azərbaycan hökuməti tərəfindən öz tənqidçilərini susdurmaq üçün cinayət mühakiməsi sistemindən sui-istifadə edilməsinin nümunəsidir”, deyə müraciətdə qeyd edilir.
Sənəddə siyasi motivli bütün təqiblərə dərhal son qoyulması üçün təcili tədbirlər görmək, Bəhruz Səmədov, İqbal Əbilov və alimlər, siyasi və mülki fəallar, jurnalistlər və hüquq müdafiəçiləri də daxil olmaqla, fərqli düşüncə və ya tənqidi baxışlarına görə əsassız olaraq saxlanılmış və həbs edilmiş bütün digər şəxsləri azad etmək çağırışı yer alır.