Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Müstəqilliyinin 33-cü ildönümü münasibətilə təbrik mesajı göndərib.
“Əziz xalq,
Hörmətli Ermənistan Respublikasının vətəndaşları.
21 sentyabr Ermənistan Respublikasının Müstəqillik Günüdür və bu gün biz Ermənistan Respublikasının Müstəqilliyinin 33-cü ildönümünü qeyd edirik.
1991-ci ilin bu günü Ermənistanda Müstəqillik referendumu keçirildi və vətəndaşlar seçki bülletenində yazılmış aşağıdakı suala cavab vermək üçün seçki məntəqələrinə getdilər: “Siz razısınızmı ki, Ermənistan Respublikası SSRİ-dən kənarda müstəqil, demokratik dövlət olmalıdır?” O zaman səsvermə hüququna malik vətəndaşların 95 faizi suala “Bəli” cavabını verdi və Ermənistan Respublikası Müstəqil dövlət oldu.
Həmin gündən ölkəmiz çox sınaqlardan keçdi: müharibələr, minlərlə qurban, blokadalar, iqtisadi və siyasi böhranlar, mühacirət, bunun nəticəsində biz daha obyektiv anladıq ki, 1991-ci ildə referendumda qoyulan suala hər gün cavab lazımdır və biz o suala yalnız seçki məntəqəsində bülletenə qeyd etməklə deyil, həm də davranışımızla, fəaliyyətimizlə cavab verməliyik.
Ermənistan Respublikası hökumətinin fəaliyyətinin məqsədi hər gün 1991-ci il referendumunda qoyulan suala praktiki olaraq “Bəli” cavabını verməkdir və mən məmnunluq hissi ilə bildirməliyəm ki, ölkəmizin müstəqillik səviyyəsi günü-gündən artır”.
Mesajda xüsusilə qeyd olunur ki, “Dünən, bu gün və sabah müstəqillik referendumudur. Hər gün Müstəqillik referendumudur və hər birimiz hər gün seçim edirik. Yaşasın Ermənistan Respublikası. Yaşasın Azad və Xoşbəxt Ermənistanda yaşayacaq övladlarımız.
Mən hamımızı Ermənistan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm”.