ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın Müstəqillik Günü münasibətilə mesaj göndərib.
“Amerika Birləşmiş Ştatları adından Müstəqilliyin 34-cü ildönümü münasibətilə Ermənistan xalqına təbriklər və xoş arzular göndərirəm. Ermənistanın müstəqilliyini tanıyan ilk ölkə kimi Birləşmiş Ştatlar Ermənistanı dəstəkləməyə davam etməkdən qürur duyur, çünki o, demokratik icmamızın inkişaf edən üzvünə çevrilir.
ABŞ və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək, Ermənistan dünya ilə getdikcə daha çox bağlı olan inklüziv iqtisadiyyat yaradıb. Son 10 ildə ABŞ və Ermənistan arasında ticarətin həcmi təxminən iki dəfə artıb. Biz Ermənistana enerji daşıyıcılarının tədarükünün şaxələndirilməsi, onun xalqının və regionun enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində işləyirik.
Münasibətlərimizin əsasını təşkil edən insanlar arasında əlaqələr ABŞ-da və dünyada böyük erməni diasporu sayəsində böyüməkdə və möhkəmlənməkdə davam edir. Birgə işləməklə biz Cənubi Qafqazı bir-biri ilə daha bağlı, sabit və təhlükəsiz hala gətirərək xalqlarımız və bütövlükdə region üçün daha böyük tərəqqiyə nail ola bilərik.
Bu əlamətdar gündə ABŞ erməni xalqının demokratik istəkləri, suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləməkdə sarsılmaz olaraq qalır.
Biz ciddi çağırışlar zamanı Ermənistanın hesabatlı idarəçilik və qanunun aliliyinə sadiqliyinə hörmət edirik. Biz Cənubi Qafqaz regionunda davamlı və ləyaqətli sülhü qorumağa davam edəcəyik”, - Blinkenin mesajında deyilir.