Delimitasiya və demarkasiya prosesi çərçivəsində Azərbaycanla aparılan danışıqlarda biz müəyyən irəliləyiş əldə edə bildik. Ermənistan və Azərbaycan növbəti delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinin müddəalarını rəhbər tutmaq barədə razılığa gəliblər ki, bu da o deməkdir ki, Sovet İttifaqı və Sovet respublikalarının inzibati sərhədləri həmin prosesin əsası olmalıdır. Baş nazir Nikol Paşinyan bu barədə Gürcüstanda baş nazir İrakli Kobaxidze ilə birgə bəyanatla çıxışı zamanı bildirib və qeyd edib ki, o, həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində son hadisələri də təqdim edib.
“2 ilə yaxın davam edən danışıqların nəticəsi olaraq Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin mətnini, onun təxminən 80 faizini razılaşdıra bildilər. Biz Azərbaycana həmin sənəd layihəsinin indiyədək razılaşdırılmış müddəalarını yaxın gələcəkdə imzalamağı, diplomatik münasibətlər qurmağı və qarşılıqlı əhəmiyyət kəsb edən bütün məsələlərin həlli istiqamətində müzakirələri davam etdirməyi təklif etmişik.
Bütün iqtisadi kanalların blokdan çıxarılması və tam işləməsi regionun sabitliyi və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir ki, bunu prioritetlərimizdən biri hesab edirik”, - deyə baş nazir bildirib.
Paşinyan onu da xatırladıb ki, onun bu məsələ ilə bağlı ideyaları ER hökuməti tərəfindən hazırlanmış və ilk dəfə Tbilisidə keçirilən konfrans zamanı beynəlxalq tərəfdaşlara təqdim edilmiş “Sülhün kəsişməsi” layihəsində ən yaxşı şəkildə öz əksini tapıb.
“Mən həqiqətən inanıram ki, bizim Cənubi Qafqazdakı münaqişənin səhifəsini bağlamaq və regionumuzda davamlı sülhün bərqərar olması üçün tarixi imkanımız var. Mən də əminəm ki, bu sülhdən təkcə Ermənistan və Azərbaycan deyil, Gürcüstan, Türkiyə və İran da bərabər faydalanacaqlar.
Bu səbəbdəndir ki, çətinliklərə baxmayaraq, hökumətimiz regionda sülhün mümkün olması üçün ardıcıl olaraq səylərini davam etdirəcək”.
Paşinyan həmçinin qeyd edib ki, Gürcüstan hökumətinin apardığı siyasətlə beynəlxalq sabitliyə və regionda sülhə töhfə verməkdə səylərini və töhfəsini yüksək qiymətləndirir.