Ermənistan və Gürcüstan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qeyd-şərtsiz hörmət edirlər. İki ölkə də bu faktı Cənubi Qafqazda sabitliyin və davamlı sülhün bərqərar olması üçün mühüm amillərdən biri hesab edir. Bu barədə ER Baş naziri Nikol Paşinyan Gürcüstanda baş nazir İrakli Kobaxidze ilə təkbətək söhbətindən sonra birgə bəyanatla çıxış edərkən bildirib.
“Ölkələrimiz arasında mövcud əməkdaşlıq bizim region ölkələri arasında qarşılıqlı hörmətə, ümumi maraqlara və universal inkişafa yönəlmiş iqtisadi əməkdaşlığa əsaslanan münasibətlərin necə olması lazım olduğunu başa düşməyimizin əməli təzahürüdür”, - Paşinyan bildirib.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi kontekstində Paşinyan Kobaxidze ilə Ermənistan-Gürcüstan sərhədinin delimitasiyası prosesini də müzakirə edib.
"Biz gözləyirik ki, yaxın gələcəkdə biz Ermənistan-Gürcüstan sərhədinin delimitasiyası prosesi çərçivəsində də praktiki irəliləyişə nail olacağıq. Bunu artıq müzakirə etdik, ümumi anlaşmamız var və düşünürəm ki, bu çox vacibdir", - baş nazir bildirib.