Gürcüstanın ekonomika və davamlı inkişaf naziri Levan Davitaşvilinin Çinə işgüzar səfəri çərçivəsində “Çin-Avropa Railway Express, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu nəqliyyat dəhlizlərinin inkişafına dair Anlaşma Memorandumu” imzalanıb.
Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, sənəd Davitaşvili ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının vitse-prezidenti Çao Çensin arasında imzalanıb.
Memorandum “Orta Dəhliz”in daha çox aktivləşdirilməsini və səmərəli fəaliyyətini təmin etmək məqsədilə Gürcüstan və Çin arasında əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Memorandumda qeyd olunur ki, tərəflər Orta Dəhlizə əlavə yüklərin cəlb edilməsi üçün birgə çalışacaqlar.
Qeyd edilir ki, sənəd “Orta Dəhliz” vasitəsilə Çindən Avropaya və əks istiqamətdə yükdaşıma axınının artmasına, eləcə də iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.