Yaranmaqda olan yeni dünya düzənində regionların rolu əhəmiyyətli dərəcədə artıb, İran xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyxülislami “Yerevan dialoqu” konfransında bildirib.
“Mənim ölkəm üçün Cənubi Qafqaz böyük əhəmiyyət kəsb edir. İran bu bölgə ilə sivilizasiya, tarixi və mədəni əlaqələri ilə sıx bağlıdır", - diplomat bildirib.
“Bu regionun sabitliyi İranın şimal sərhədlərinə və ümumi təhlükəsizliyinə birbaşa təsir göstərir. Münaqişələrin yaranmasının və ərazimizdə sabitliyin pozulmasının qarşısını almaq bizim üçün vacibdir”, - deyə Şeyxoleslami bildirib.
Onun sözlərinə görə, iqtisadi baxımdan region Tehran üçün ticarət və enerji tranzit marşrutu kimi vacibdir. “İran Avropa və Avrasiya ilə əlaqəni gücləndirmək, həmçinin nəqliyyat infrastrukturunu təmin etmək üçün bu yolların imkanlarından istifadə etməkdə maraqlıdır”, - deyə rəsmi bildirib.
Rəsmi Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarını alqışlayıb və sülh sazişinin bağlanmasının sürətləndirilməsinin vacibliyini vurğulayıb. O, bir daha İranın mövqeyini təkrarlayıb: Region ölkələrinin ərazi bütövlüyü, suverenliyi və qanunvericiliyinə hörmət edilməlidir.
“Regionda sabitliyin pozulması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi ilə bağlı istənilən gizli gündəmə qətiyyətlə qarşı çıxmaq vacibdir”, - iranlı diplomat bildirib.
Bununla bağlı o, İran adından ER hökumətinin “Sülhün kəsişməsi” layihəsinə dəstəyini ifadə edib.