Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasına gözlənilən qələbəni gətirdi. Eyni zamanda, "marionet və ya cib müxalifəti qrupları" olan digər partiyaların nümayəndələri də 125 yerlik parlamentə keçib.
Bu barədə Norveç Helsinki Komitəsinin sentyabrın 4-də yaydığı bəyanatda deyilir.
Bəyanatda onlarla seçki məntəqəsində ənənəvi metodlardan - çoxsaylı səsvermə, topa bülleten atılması, müstəqil və müxalifətyönlü müşahidəçilərə qarşı zorakılıq və təzyiqdən istifadə etməklə yol verilmiş çoxsaylı pozuntulardan bəhs olunur.
Ölkə parlamenti "formal orqandır", çünki real siyasi hakimiyyət prezidentin əlində sərt şəkildə cəmləşib.
"Azərbaycanda heç vaxt azad və ədalətli seçkilər olmayıb və bu seçkilər də istisna deyil", - Norveç Helsinki Komitəsinin baş katibi Berit Lindeman bildirib.