Sentyabrın 4-də Jurnalistlərə Ədalət Beynəlxalq Fondu 2023-cü ildə keçmiş SSRİ ölkələrində jurnalistlərin hüquqlarının pozulmasına dair hesabat dərc edib. Hesabatdakı məlumatlardan açıq mənbələrdə istifadə olunub.
Azərbaycana aid bölmədə KİV işçilərinə, bloqerlərə, ənənəvi və onlayn-nəşrlərin redaksiyalarına, onlayn- fəallara qarşı 147 hücum/təhdidlə bağlı 147 insidentdən bəhs olunur.
Hesabatda qeyd olunub ki, “2023-cü ilin sonundan müstəqil və tənqidçi KİV və jurnalistlərə qarşı görünməmiş təqiblər başlayıb. Nəticədə 20-dən çox jurnalist və KİV hazırda Azərbaycanda həbsdədir, müstəqil onlayn-KİV-in əksəriyyəti bağlanıb və plüralizmin istənilən forması ciddi təhlükə altındadır”.
Hökumət həmçinin xaricdəki tənqidçilərini susdurmağa çalışıb. 2024-cü ilin avqustunda Gürcüstanda yaşayan jurnalist Əfqan Sadıqov həbs edilib və onun Azərbaycana ekstradisiyası tələb olunub. O, təhdid yoluyla tələb etməkdə ittiham olunur.
2022-ci ildə qəbul edilmiş KİV haqqında yeni qanun qüvvəyə minib və mövcud KİV-in ən azı 10 faizi yeni KİV reyestrinə daxil edilib. Nəticədə, onların əksəriyyəti faktiki olaraq, qanunsuz olub.
İctimai aksiyalar zamanı KİV işçilərinə hücumlar davam edib və bu hücumların heç biri araşdırılmayıb.
Məhkəmə və/və ya iqtisadi vasitələrdən istifadə etməklə hücumlar Azərbaycanda KİV işçilərinə təzyiq göstərməyin əsas metodu olaraq qalır. Qeyri-fiziki və kiber hücumların tezliyi 2022-ci illə müqayisədə yarıya enib, həmçinin fiziki hücumların sayı əvvəlki ilə nisbətən azalıb. 89 faiz halda KİV işçilərinə edilən hücumlara görə dövlət qulluqçuları məsuliyyət daşıyırlar, hücumların 11 faizi isə hakimiyyətlə əlaqəli olmayan şəxslər tərəfindən törədilib.
Dindirmələr, axtarışlar, müsadirələr və məhkəmə çəkişmələri əsas təzyiq üsulları olub və bu kateqoriyada 50 insident qeydə alınıb.
2023-cü ildə Azərbaycanda KİV işçilərinə qarşı 19 fiziki hücum qeydə alınıb. Bu insidentlərin əksəriyyəti jurnalistlər kütləvi etirazları və toplantıları işıqlandırarkən baş verib. Qeydə alınan hücumların hamısı hakimiyyət nümayəndələri tərəfindən törədilib.
Ən kütləvi hücum jurnalistlərin Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etiraz aksiyasını işıqlandırması zamanı baş verib.