Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) sentyabrın 1-də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərilə bağlı beynəlxalq birliyə müraciət edərək seçkinin nəticələrini tanımamağa çağırıb.
Milli Şura bəyanatında qeyd edir ki, sentyabrın 1-nə növbədənkənar parlament seçkisinin təyin edilməsi konstitusiyaya zidd addım olub.
“COP-29 və ya digər hər hansı beynəlxalq tədbir növbədənkənar parlament seçkiləri təyin edilməsi üçün əsas ola bilməz və ya president öz səlahiyyətlərin aşaraq istənilən vaxta seçki təyin edə bilməz. 1 sentyabr seçkilərinə münasibətdə bu konstitusyon müddəa kobud şəkildə pozulub.
Milli Şura bütün bu problemləri nəzərə alaraq, seçki kampaniyasının əvvəlində tələb etdi ki, seçkidə iştirak üçün seçki mühiti demokratikləşdirilsin və rəqabət imkanları yaradılsın. Ancaq İlham Əliyev hökuməti bu dəfə də seçkiləri saxtalaşdırmaqla öz ömrünü uzatmaq ənənəsinə sadiq qalaraq bu tələblərə məhəl qoymadı, nəticədə Milli Şura saxta seçkiləri boykot qərarı verməli oldu. Təəssüf ki, hakim rejimin maraqlarına uyğunlaşdırılmış seçki qanunvericiliyinin dəyişdirilməsi, ədalətli və rəqabətli seçki mühitinin yaradılması istiqamətində heç bir addım atılmadı və uzun illər ərzində Venesiya komissiyasının seçki demokratiyasının təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü təkliflərin heç biri qəbul edilmədi”, - Milli Şuranın bəyanatında deyilir.
“Hakimiyyət istisnasız olaraq Azərbaycanda bütün seçkiləri müşahidə etmiş Avropa Şurasını bu dəfə nədənsə seçki müşahidəsinə buraxmadı və AŞPA-nın 76 deputatının Azərbaycana girişinə qadağa qoydu”, - bəyanatda qeyd edilir.
Milli Şura bildirir ki, real müxalifətin qatılmadığı və rəqabətsiz şəraitdə kecirilən seçki kampaniyasına heç bir ictimai diqqət göstərilməyib və cəmiyyət bu prosesdə hər hansı şəkildə iştirak etməyib. Milli Şura ekzitpol təşkilatını da tənqid edib.
Milli Şura seçkilər zamanı müstəqil jurnalistlərə edilən məhdudiyyətlərə də toxunub.
“Bəzi jurnalistlər və müşahidəcilər inzibatı təzyiq və hədələrlə məntəqələrdən uzaqlaşdırılıb. Seçki prosesinin işıqlandırılması ilə bağlı peşəkar təcrübəsi olan “Abzas Media”, “Toplum” TV, “Kanal 13”ün jurnalistləri saxta ittihamlarla həbs edilərək seçki prosesindən təcrid ediliblər”, - bəyanatda deyilir.
Milli Şura bəyan edir ki, 1 sentyabrda Azərbaycanda Milli Məclisə keçirilən seçkilərə seçicilərin əksəriyyəti qatılmayıb, səsverməyə gələnlər isə inzibati resurslardan istifadə olunaraq bu prosesə cəlb olunub.
“Milli Şura bu saxta seçkinin nəticələrini Azərbaycan xalqının iradəsini əks etdirmədiyi üçün qəbuledilməz sayır və xalqımızı saxta seçki nəticələrinə qarşı, yeni demokratik seçkilər keçirilməsi uğrunda fəal mübarizəyə çağırır.
Milli Şura beynəlxalq birliyə müraciət edərək Azərbaycan xalqının seçib-seçilmək hüquna və universal demokratik dəyərlərə hörmətlə yanaşmağa, saxta seçkilərin nəticələrini tanımamağa, saxtakarlıq prosesini pisləməyə çağırır. “Azərbaycanda avtoritar rejimin saxtakarlığına hər hansı loyal, birmənalı olmayan münasibət ölkəmizin demokratikləşməsinə, Qərbə inteqrasiya prosesinə mane olur, insan hüquq və azadlıqları ilə bağlı Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəliklərə əməl edilməməsinə zəmin yaradır. Ona görə də Milli Şura 1 sentyabr seçklərinin saxta nəticələrilə bağlı beynəlxalq birliyi daha prinsipial və obyektiv olmağa səsləyir”, - bəyanatda deyilir.