Sentyabrın 1-də keçirilən parlament seçkilərinin ilkin rəsmi nəticələri “exit-poll”un nəticələrini təsdiqləyib.
Azərbaycan prezidenti İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisdə mütləq çoxluğunu yeniləyir və 68 yer alır.
Daha 44 yerə hökumətyönlü mövqeyi ilə tanınan “müstəqillər” yiyələnəcək.
Vətəndaş Həmrəyliyi Partiyasının üç (Fəzail İbrahimli, Rafael Hüseynov və Tənzilya Rüstəmxanlı), Ədalət, Hüquq və Demokratiya Partiyası (Qüdrət Həsənquliyev və Elçin Mirzəbəyli) iki deputatla təmsil olunacaqlar.
Daha 8 partiya - Respublikaçı Alternativ Partiyası (Erkin Qədirli), Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə), Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Ana Vətən Partiyası (Günay Ağamalı), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Böyük Azərbaycan Partiyası (Elşad Musayev), Milli Cəbhə Partiyası (Razi Nurullayev) Azərbaycan Demokratik Maarifçilik Partiyası ( Elşən Musayev) hərəyə bir deputat mandatına malik olacaq.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənaxovun sözlərinə görə, seçkilərdə seçici fəallığı 37,27% təşkil edib.