Avropa diplomatiyasının rəhbəri Josep Borrell Avropa İttifaqının (Aİ) 27 ölkəsinin hökumətlərinə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və yəhudi dövlətinin maliyyə naziri Bezalel Smotriçə qarşı sanksiya tətbiq edilməsi təklifini təqdim edib.
Bu barədə "DPA" agentliyi Aİ-dəki mənbələrə istinadən yazıb.
Agentliyin məlumatına görə, siyasətçilər son zamanlar fələstinlilərə qarşı açıqlamaları ilə hiddət doğurublar. Borrelin təklifinə əsasən, Smotriç və Ben-Qvirə qarşı xalqlar arasında nifaq və insan haqlarını pozduqlarına görə sanksiyalar tətbiq oluna bilər. Müvafiq olaraq, onların Aİ aktivləri dondurulacaq və onların artıq Aİ-yə daxil olmasına icazə verilməyəcək.
Bununla belə, bu təklifin nə vaxt qəbul ediləcəyi və nə vaxt həyata keçiriləcəyi hələlik bəlli deyil, deyə "DPA" qeyd edib.
"Buna səbəb Avropa İttifaqında sanksiyalarla bağlı qərarların yekdilliklə qəbul edilməli olması və Almaniya, Çexiya və Macarıstan kimi ölkələrin indiyədək İsrailə qarşı sanksiyaların tələblərinə kifayət qədər tənqidi yanaşmasıdır", - deyə agentlik bildirib.
"Brüsseldəki diplomatlar nazirlərə qarşı sanksiyalara qarşı arqument kimi Yaxın Şərqdə münaqişənin gərginliyini azaltmaq üçün davam edən səyləri qeyd edirlər. Bu fonda məhdudiyyətlər vasitəsilə İsrail hökuməti ilə əlaqə kanallarını təhlükə altına almaq əks-məhsuldar ola bilər", - deyə DPA qeyd edib.