İsrail çərşənbə günü İordaniyanın Qərb sahilində misli görünməmiş əməliyyata başlayıb.
HƏMAS-a qarşı müharibə başlayandan bəri qoşunlar Fələstin ərazilərində müntəzəm kampaniyalar həyata keçiriblər, lakin hazırkı əməliyyat, mediaya görə, son iyirmi ildə İsrail qoşunlarının eyni vaxtda bir neçə şəhərə daxil olduğu ilk əməliyyatdır. Həmin ərazilərdə nəqliyyat əlaqəsi kəsilib.
İsrail ordusunun rəsmiləri bildiriblər ki, “böyük qüvvələr” İsrailin yaraqlıların qalası adlandırdığı Cenə, Tulkarm və Əl Faraa qaçqın düşərgələrinə daxil olub. Mətbuat Nablus və Tubas şəhərlərindəki əməliyyatlardan da xəbər verir. Qeyd olunur ki, bu kampaniyalar İsrailə qarşı hücumların qarşısını almaq məqsədi daşıyan daha geniş əməliyyatın ilk mərhələsidir. Hərbçilər qeyd ediblər ki, mülki əhalinin təxliyəsi planlaşdırılmır.
Ən azı 11 fələstinlinin öldürüldüyü bildirildi, İsrail komandirləri onlardan ən azı doqquzunun yaraqlı olduğunu söyləyib.