AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb.
“AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniya Parlamentinin üzvü Frank Şvabenin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair cavabında deyib.
Qeyd edək ki, Almaniya Parlamentinin üzvü Frank Şvabe “Azadlıq Radiosunda” 23 avqust tarixində dərc edilmiş müsahibəsi zamanı, Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanın Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib.
Yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ölkənin Avropa Şurası qarşısında “əsas öhdəliklərini yerinə yetirməməsi”, eləcə də prezident seçkilərinə Assambleyaya müşahidəçilər dəvət etməməsi səbəbindən 1 il müddətinə təsdiq etməyib.
Bu qərarın lehinə 76 deputat səs verib, 10-u “əleyhinə” çıxıb, 4-ü isə bitərəf qalıb.