İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani brifinq zamanı jurnalistlərin ABŞ-ın Ermənistana silah satdığı iddiasına İranın münasibəti ilə bağlı sualını cavablandırıb.
Kənani deyib: “Mənim sizin dediklərinizlə bağlı faktiki məlumatım yoxdur və dərc olunan xəbərlərə münasibət bildirə bilmərəm”.
Diplomat qeyd edib ki, onlar Ermənistan-Amerika münasibətlərini şərh etmirlər, lakin ABŞ-ın regiondakı roluna şübhə ilə yanaşırlar.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ermənistan-İran münasibətlərinə də toxunub.
“Əhəmiyyətli odur ki, İranla Ermənistan arasında münasibətlər dostluq və konstruktiv xarakter daşıyır və hər iki ölkənin hərtərəfli münasibətləri inkişaf etdirmək üçün ortaq iradəsi var. İran və Ermənistan regionda və sərhədlərdə sabitlik və təhlükəsizliyin bərqərar olmasına önəm verir”, - deyə Kənani bildirib.