Yaxın Şərqdə münaqişənin böyüməsi riski həmişəkindən daha böyükdür, İran İsrailə hücum etməkdən çəkinməlidir.
Bu barədə regionda səfərdə olan Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Lammi və Stefan Sejournetin birgə bəyanatında deyilir.
“Yaxın Şərqdə münaqişənin kəskinləşməsi riski heç vaxt bu qədər böyük olmayıb. Biz İranı və onun müttəfiqlərini İsrailə qarşı hücum təhdidlərindən əl çəkməyə çağırdıq, həmçinin bütün tərəflərə eskalasiyanı dayandırmağın vacibliyini bildiririk”, - deyə bəyanatda deyilir.
Diplomatlar Misir, Qətər və ABŞ-ın atəşkəs yaratmaq və Qəzza zolağında girovları azad etmək səylərini dəstəklədiklərini açıqlayıblar. Onlar həmçinin anklav sakinlərinə humanitar yardımın çatdırılmasını və mülki əhalinin müdafiəsini təmin etməyə çağırıblar.
Bəyanatda həmçinin deyilir: “Biz təsdiq edirik ki, beynəlxalq hüquq çərçivəsində yalnız iki dövlətli həll israillilərə və fələstinlilərə ədalətli və həmişəlik sülh gətirə bilər. Bölgədəki bütün tərəflər səmimi olaraq müharibədən qaçmaq istəyirlərsə, konkret jestlər etməlidirlər. Biz bu məqsədlə onlarla əməkdaşlığa hazırıq”.