Avqustun 16-da ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Almaniya Federativ Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş səfiri Klaudiya Buşu etimadnaməsinin surətini təqdim etməsi münasibətilə qəbul edib. Bu barədə ER XİN məlumat yayıb.
Klaudiya Buşu təyinatı münasibətilə təbrik edən nazir müavini ümidvar olduğunu bildirib ki, səfir Ermənistan-Almaniya dostluq münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Həmsöhbətlər son bir ildə Ermənistan və Almaniya arasında təmasların intensivliyinə toxunaraq qeyd ediblər ki, ikitərəfli yüksək səviyyəli səfərlərin tezliyi Ermənistan-Almaniya münasibətlərinin dinamik inkişafından və siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir.
Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın təşviqi, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Parlament əməkdaşlığı, eləcə də dost qruplar arasında fəal dialoqun vacibliyi vurğulanıb.
Görüş zamanı regional təhlükəsizlik və sabitliyin yaradılması ilə bağlı məsələlər də müzakirə olunub.