Avqustun 12-də bir sıra Avropa ölkələrinin Azərbaycandakı səfirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimnli ilə görüşüb.
Əli Kərimnli bildirib ki, əvvəlcə Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auldi ilə görüşü olub.
“Görüşdə Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında yaranmış vəziyyət, partiyanın fəaliyyətinə yaradılan maneələr, mənə qarşı başlanmış cinayət işi, parlament seçkilərini partiyanın boykot etməsi, ölkədəki irimiqyaslı repressiyalar və bütövlükdə ictimai-siyasi vəziyyət, Azərbaycan-Böyük Britaniya münasibətləri müzakirə olundu”, - o, Facebook səhifəsində qeyd edib.
Kərimlinin sözlərinə görə, Avropa İttifaqının Bakıdakı nümayəndəliyində səfir Peter Mixalkonun təşkilatçılığı ilə Avropa İttifaqına üzv dövlətlərin səfir və digər diplomatları ilə də ətraflı görüşü olub.
“Avropa İttifaqına üzv ölkələrin səfirlərilə görüşümüzdə də mənə qarşı başladılmış cinayət işi, partiyamızın fəaliyyətilə bağlı davam edən məhkəmə işləri, Tofiq Yaqublu başda olmaqla, siyasi məhbusların taleyi, parlament seçkiləri ərəfəsi ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycan-Avropa İttifaqı münasibətləri ətraflı müzakirə olundu”, - o qeyd edib.
Səfirlərin Əli Kərimli ilə görüşü avqustun 13-də onun barəsində xüsusi ittiham qaydasında keçiriləcək məhkəmədən bir gün öncəyə təsadüf edir.