ABŞ Gürcüstan hakimiyyətini ötən həftə Tbilisidə saxlanılaraq deportasiya mərkəzinə yerləşdirilən azərbaycanlı jurnalist Əfqan Sadıqovu azad etməyə çağırıb.
“Biz Əfqan Sadıqovun Tbilisidə saxlanılması ilə bağlı xəbərlərdən dərin narahatıq. Biz Gürcüstan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və onu tez bir zamanda azad etməyə çağırırıq”, - Dövlət Departamentinin sözçüsü Turan-ın Vaşinqton müxbirinə bildirib. Sadıqov Azərbaycan tərəfinin tələbi ilə avqustun 3-də Tbilisidə saxlanılıb.
“Onun həbsi Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların davam etdiyi bir vaxta təsadüf edir və biz bir daha Azərbaycan hökumətini haqsız yerə həbs olunanların hamısını dərhal azad etməyə, vətəndaş cəmiyyəti, o cümlədən xaricdəkiləri hədəfə almamağa və mətbuat azadlığına zərbə vurmaq cəhdlərinə son qoymağa çağırırıq”, Dövlət Departamentinin nümayəndəsi bildirib.