“AbzasMedia”nın direktoru Ülvi Həsənli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında üzləşdiyi, eşitdiyi işgəncə hallarından yazıb.
“AbzasMedia”da dərc olunmuş həmin məqalədə Ülvi Həsənli deyir ki, işgəncələrlə bağlı dəfələrlə Penitensiar Xidmətin rəhbərliyinə, təcridxana rəhbərliyinə, Ombudsmana müraciət etsələr də, ciddi tədbir görülməyib. Ondan sonra qərara gəlib ki, şahidi olduğu, eşitdiyi işgəncə və qeyri-insani rəftar hallarının qeydiyyatını aparsın və 6 aylıq kiçik bir hesabat hazırlayıb:
“2023-cü il noyabrın 20-də həbs olundum. Noyabrın 22-dən xalq arasında “Kürdəxanı həbsxanası” kimi tanınan Bakı İstintaq Təcridxanasında saxlanılırıq. İlk həftələrdə şikayətlərlə bağlı tez-tez məhkəmələrə getdiyimizdən hadisələrdən çox da məlumatlı deyildim. Dekabrın 20-dən sonra sistemli işgəncə hallarını eşitməyə başladım. Bu ilin yanvarından işgəncə faktlarını saymağa başladım”.
“Əlil, xəstə olduğunu deyən adamları döymək, saç-saqqalı qırxmaq, söyüş, təhqir, hədələmək…”– sayt rəhbəri təsvir edir.
Onun sözlərinə görə, məhbuslara işgəncə adətən səhər saat 9-10 arası verilir. Hansısa qaydanı pozduğuna görə, yaxud da cinayət törətməkdə şübhəli bilinərək saxlanılan məhbusları etiraz edib haqqını tələb etdiyinə görə axşam və ya səhər gətirib korpuslardakı “kars”lara salır, “reşotka” arakəsmələrə qandallayırlar.
Onun sözlərincə, işgəncələr Penitensiar Xidmətin idarəçilik normasına çevrilib.
“Etiraz edirsən, Ombudsmanın divarlara vurduğu “İsgəncəyə yox!” şüarını qışqırırsan, müavinlər gəlib təəccüblə soruşurlar ki, “Nə məsələdir?” Mübahisə, etiraz, narazılıq… Sonra sakitlik yaranır. Üç-beş gün fasilə verilir, ondan sonra eyni ssenari yenidən təkrarlanır”.
“2024-cü ilin ilk altı ayı ərzində 58 işgəncə və qeyri-insani rəftar halı qeydə almışam. Bunlar hələ ki, təkcə mənim saya bildiyim, şahidi olduğum hallardır. İndi təsəvvür edin, müvəqqəti saxlanma təcridxanalarında və həbsxanalarda işgəncə və pis rəftarın miqyası hara çatır. Çünki bu hallar təkcə mənim saxlanıldığım 8-ci korpusda yox, digər korpuslarda və mərtəbələrdə də baş verir”, – “AbzasMedia”nın direktoru vurğulayıb.
Penitensiar Xidmət Ülvi Həsənlinin yazdıqları ilə bağlı heç bir açıqlama verməyib.