Tehranda ER Baş naziri Nikol Paşinyanla İran Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianın görüşü baş tutub.
Görüşdə İran prezidenti İrana işgüzar səfərə gəldiyinə görə baş nazir Paşinyana təşəkkür edib. Məsud Pezeşkian əlavə edib ki, İran dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin davamlı inkişafını yüksək qiymətləndirir.
Nikol Paşinyan Məsud Pezeşkiana göstərdiyi səmimi qonaqpərvərliyə görə təşəkkür edib və onu İran Respublikasının Prezidenti seçilməsi münasibətilə bir daha təbrik edib. Baş nazir İranla çoxtərəfli əməkdaşlığın ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Məsud Pezeşkian keçmişdə yüksək səviyyədə əldə edilmiş razılaşmaları bir daha təsdiqləyib: “Xalqlarımızın qədim dostluğu, tarixi və mədəni yaxınlığı ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün əsasdır. Biz birgə səylərlə dialoqumuzu davam etdirməyə və ikitərəfli əməkdaşlıq gündəmini daha da zənginləşdirməyə hazırıq”.
“Mənim bu gün burada olmağım Ermənistan və İran arasında münasibətlərin ən yüksək səviyyədə dərinləşdirilməsinə, əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyimizə sübutdur”, - deyə baş nazir Paşinyan bildirib.
Nikol Paşinyan ER hökumətinin “Sülh kəsişməsi” layihəsini və onun prinsiplərini təqdim edib.
İran Respublikasının yeni seçilmiş prezidenti regionda sülh və sabitliyin bərqərar olması üçün ardıcıl səyləri vacib sayıb.
Məsud Pezeşkian regionda sülhün qorunmasının İran üçün əsas əhəmiyyət kəsb etdiyini qeyd edərək əlavə edib ki, İran tərəfi də bütün məsələlərin dialoq yolu ilə həllini zəruri hesab edir.
Nikol Paşinyan İran tərəfinin Şimal-Cənub magistralının, xüsusilə Agarak-Kacaran hissəsinin tikintisində iştirakına əhəmiyyət verib. Ermənistan-İran sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyəti də vurğulanıb.
Ermənistan və İran liderləri ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər, həmçinin səhiyyə, ən son texnologiyalar, təhsil, mədəniyyət, elm və digər sahələrdə yeni birgə proqramların həyata keçirilməsi ilə bağlı məsələlərə toxunublar.
Məsud Pezeşkian Ermənistanda şəxsi səfərdə olduğunu, ölkəmiz və xalqımız haqqında xoş təəssüratlara malik olduğunu qeyd edib. Həmsöhbətlər ikitərəfli yüksək səviyyəli qarşılıqlı səfərlərinin önəmini də vurğuladılar.