Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərmanı ilə Rusiya xarici işlər nazirinin birinci müavini Vladimir Titov tutduğu vəzifədən azad edilib.
Fərmanda Titovun işdən çıxarılmasının səbəbi qeyd olunmayıb. Xarici İşlər Nazirliyi hələlik qərara münasibət bildirməyib. Titovun 2013-cü ildən Avropa ölkələri ilə əlaqələrə rəhbərlik etdiyi məlumdur. Əvvəllər o, Rusiyanın İsveç və Bolqarıstandakı diplomatik nümayəndəliklərində çalışıb.
“Kommersant” Xarici İşlər Nazirliyinə yaxın mənbələrə istinadən yazır ki, Titov BMT-nin Cenevrədəki ofisində və digər beynəlxalq təşkilatlarda Rusiyanın daimi nümayəndəsi vəzifəsini tuta bilər. Gennadi Qatilov hazırda həmin vəzifədədir.
“Kommersant”ın həmsöhbətləri qeyd ediblər ki, Titov vəzifəsindən azad edildikdən sonra xarici işlər nazirinin birinci müavini vəzifəsini Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya tuta bilər.