İyulun 25-də səhər Rusiya prezidenti Vladimir Putin Suriya lideri Bəşər Əsədlə görüşüb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Sizi görməyə çox şadam, bizim ikitərəfli münasibətlər haqqında danışmaq imkanımız var, çoxdandır görüşmürük”, - Rusiya lideri qonağı Kremldə salamlayaraq deyib.
Putin qeyd edib ki, Əsədin regionda vəziyyətin necə inkişaf etməsi ilə bağlı fikirləri onu maraqlandırır. “Təəssüf ki, eskalasiya tendensiyası var, bu, Suriyaya da aiddir”, - deyə o bildirib.
Onun sözlərinə görə, gündəlikdə həmçinin ticarət-iqtisadi əlaqələr və qarşılıqlı əməkdaşlığın perspektivli istiqamətləri var. Öz növbəsində Bəşər Əsəd vurğulayıb ki, onun bugünkü səfəri Rusiya ilə Suriya arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə təsadüf edir.
O qeyd edib ki, bu onilliklər mürəkkəb transformasiya proseslərinin şahidi olub, lakin bu müddət ərzində Rusiya və Suriya münasibətlərdə inam səviyyəsini qoruyub saxlayıb. “Dünyada və Avrasiya regionunda baş verən bütün hadisələri nəzərə alsaq, görüşümüz təfərrüatları, perspektivləri və ssenariləri müzakirə etmək üçün vacib görünür”, - deyə Əsəd bildirib.