İranın Ermənistandakı səfiri İranın SNN agentliyinə müsahibəsində Ermənistan və İslam Respublikası arasındakı əlaqələrdən danışıb.
Mehdi Sobhani vurğulayıb ki, Ermənistan İranla birbaşa qonşudur və iki ölkə arasındakı sərhəd ən qısa olsa da, ən etibarlıdır və “ümid sərhəddi” adlandırılır.
"Bizim ermənilər və Ermənistanla həmişə yaxşı münasibətlərimiz olub və onlar getdikcə güclənir", - səfir qeyd edib.
Sobhani həmçinin qeyd edib ki, dəyəri 36 milyon dollar olan bir sıra kiçik və böyük layihələr həyata keçirilib.
“Ermənistan-İran rəsmi ticarəti 200 milyon dollardan 700 milyon dollara yüksəlib. Ötən ilin yayında qaz və elektrik enerjisi mübadiləsi müqaviləsinin müddəti 2030-cu ilə qədər uzadılıb. İran və Ermənistan arasında üçüncü elektrik ötürücü xətti tezliklə hazır olacaq. İrandan Ermənistana qaz ixracı ikiqat artacaq”, - səfir qeyd edib.
Onun sözlərinə görə, İranın şimal bölgələrində elektrik enerjisi çatışmazlığı problemi Ermənistandan elektrik enerjisinin idxalı ilə həll olunacaq. "Ermənistanın cənub bölgəsi təhlükəsizliyi İranla bağlı olan strateji bölgədir", - Mehdi Sobhani əlavə edib.
O, regionda sülhün gündəminə toxunaraq qeyd edib ki, Tehran Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü, ölkələr arasında gedən danışıqları dəstəkləyir, beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda istənilən geosiyasi dəyişikliyə qarşıdır.
"Region məsələləri daxildə həll edilməlidir, çünki bunun nəticələrini ABŞ kimi regiondankənar ölkələr deyil, region ölkələri hiss edəcək", - səfir vurğulayıb.