Macarıstan hazırda Avropa İttifaqında sədrlik edir və avqustun 28-29-da Budapeştdə sammit keçirmək niyyətindədir.
Bu barədə "Politico" nəşri avropalı məmurlara istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Macarıstan baş naziri Viktor Orban Ukraynaya yardımı pozandan və özbaşına olaraq Rusiya hakimi Vladimir Putini və Çin lideri Si Tszinpini ziyarət edəndən sonra avropalıların səbr kasası daşıb.
Avropa İttifaqının xarici siyasət üzrə Ali nümayəndəsi Jozep Borrel Budapeştdəki sammitlə eyni vaxtda xarici işlər nazirlərinin "formal" şurasının iclasını çağıracaq.
"Əgər həmin gün Borrel tərəfindən təşkil edilən xarici işlər nazirləri şuranın rəsmi iclası baş tutacaqsa, nazirlər Budapeştə gedə bilməyəcək", - məlumatda deyilir.
Macarıstanı boykot etməklə, xarici işlər nazirləri "Macarıstanın Avropa İttifaqı adından çıxış etmədiyi barədə Orbana dəqiq siqnal göndərmək" istəyir.
Müvafiq plan qeyri-rəsmi olaraq Avropa İttifaqının bir neçə ölkəsi, o cümlədən Fransa və Almaniya ilə artıq müzakirə edilib.
İyulun 17-də Borrelin komandasının onu Avropa İttifaqının daimi nümayəndələrinə təqdim edəcəyi gözlənilir.
"Avropa İttifaqı ölkələrinin digər nazirləri Macarıstana soyuq münasibət göstərməyə hazır olub. Budapeştdə Macarıstanın sədrliyi ilə sənaye siyasətinin müzakirə edilməsi üçün keçirilən ilk görüşdə digər ölkələrdən yalnız yeddi nazir iştirak edib.
Komissarlardan da heç biri bu görüşə gəlməyib. Sədr olan ölkəyə özünü dünya meydanında nümayiş etdirmək üçün "ulduz hadisəni" boykot etmək Orbanın yelkənindən küləkləri yox etməyə yönələn daha böyük etinasızlıqdır", - nəşr yazıb.