Baş nazir Nikol Paşinyan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Baş nazir xanım Pauerin səfərini alqışlayıb və Ermənistan-ABŞ strateji dialoqu çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb. Nikol Paşinyan USAID-in Ermənistanda həyata keçirdiyi və demokratik təsisatların inkişafına yönəlmiş proqramları yüksək qiymətləndirib. Baş nazir qeyd edib ki, Ermənistan Respublikası hökuməti islahatlar istiqamətində ardıcıl addımları qətiyyətlə davam etdirəcək.
Samanta Pauer qeyd edib ki, ABŞ administrasiyası Ermənistanla sıx əməkdaşlığı yüksək qiymətləndirir və ER hökumətinin demokratiyanın möhkəmləndirilməsi, inkişafı, eləcə də Ermənistanın dayanıqlığının artırılması istiqamətində planlarını ardıcıl dəstəkləməyə hazırdır.
Həmsöhbətlər USAID-in ölkəmizdə həyata keçirdiyi proqramlara toxunmuş, yeni birgə proqramların perspektivləri barədə fikir mübadiləsi aparmışlar. Ermənistan hökumətinin islahat gündəliyinin və institusional imkanlarının, o cümlədən strateji kommunikasiyanın inkişafı, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi və təşviqi istiqamətində həyata keçirilən birgə iş vurğulanıb. Qeyd olunub ki, USAID Ermənistanda bulud infrastrukturunun tətbiqi və potensialın artırılması məqsədilə “Amazon web service” ilə Hökumət arasında əməkdaşlığı dəstəkləmək üçün 5 milyon dollar ayıracaq.
Dağlıq Qarabağdan məcburi köçkünlərin humanitar problemlərinə, onların həlli istiqamətində ER hökumətinin atdığı addımlara, o cümlədən mənzil təminatı proqramına istinad edilib. Bu kontekstdə baş nazir Paşinyan beynəlxalq ictimaiyyətin davamlı dəstəyinin və aprelin 5-də Brüsseldə keçirilən ER-Aİ-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Həmsöhbətlər Ermənistan-Azərbaycan sülh prosesi, o cümlədən ER hökumətinin “Sülhün kəsişməsi” layihəsi ilə bağlı məsələlərə də toxunublar.