Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə növbəti konfransını - COP29-u qəbul etməyə hazırlaşdığı bir vaxtda bir qrup azərbaycanlı hüquq müdafiəçisi Azərbaycanda repressiyalara son qoyulması üçün birgə kampaniyaya başlayıb, bu barədə "Progress & Change Action Lab"ın - Cenevrədə yerləşən qeyri-kommersiya məsləhət qrupunun məlumatında deyilir, Turan agentliyi yazır.
"Anar Məmmədlinin adı altında gücləri birləşdirən kampaniya Azərbaycanda siyasi məhbuslara və daimi repressiyalar mühitinə diqqəti artırmağa yönəlib", deyə kampaniyanın press-relizində bildirilir.
Anar Məmmədli məşhur demokratiya və insan hüquqları müdafiəçisi, COP29 ərəfəsində İqlim Ədalət təşəbbüsünün təsisçilərindən biridir, deyə kampaniya iştirakçıları xatırladır.
Anar Məmmədli Azərbaycanda yeganə siyasi məhbus deyil. "Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda" qrupun məlumatlarına görə, hazırda ölkələrdə 303 nəfər özbaşına həbsdə saxlanılır.
Anar Məmmədlinin saxlanılması COP29 ərəfəsində davam edən repressiyaların simvoludur, deyə "Progress & Change Action Lab"ın məlumatında vurğulanır.
Kampaniya təsisçiləri Abzas Media, Toplum TV və Kanal 13-un jurnalistlərinin, Demokratik Təşəbbüslər İnstitutu və Meclis.info kimi qeyri-hökumət təşkilatlarının və "Üçüncü Respublika Platforması" kimi siyasi qrupların fəallarının həbs edildiyini qeyd edirlər.
Azərbaycanda repressiyalara son qoyulması üçün Anar Məmmədli Kampaniyası azərbaycanlı hüquq müdafiəçilərinin və QHT-lərin birgə layihəsidir. Kampaniyanın rəhbər komitəsinin üzvləri adlarının açıqlanmamasını istəyirlər.
Həmçinin, kampaniyanın azərbaycanlı hüquq müdafiəçiləri adından "Progress & Change Action Lab" tərəfindən idarə olunduğu qeyd edilir.
Bu laboratoriya qərargah-mənzili Cenevrədə yerləşən, Florian İrmingerin sədrlik etdiyi qeyri-kommersiya məsləhət qrupudur.
Florian İrminger iyirmi ilə yaxın Azərbaycanda insan hüquqları məsələləri ilə məşğul olub.