İranın Ermənistandakı səfiri Mehdi Sübhani jurnalistlərlə söhbətdə bildirib ki, bu gün İranda keçirilən prezident seçkisinin nəticəsindən asılı olmayaraq, İranın Ermənistan siyasəti dəyişməyəcək.
“Ermənistanla bağlı siyasətimiz çox prinsipialdır. Hakimiyyətə gələn hökumətlər həmin siyasət çərçivəsində hərəkət edirlər. İranın Ermənistana qarşı prinsipial siyasəti İran inqilabının lideri (Əli Xameneyi) tərəfindən dilə gətirilib, bu, İranda baş nazirlə (Nikol Paşinyan) görüşdə də vurğulanıb. Biz Ermənistanın ərazi bütövlüyünə hörmət edirik və onu dəstəkləyirik. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi, eləcə də istənilən geosiyasi dəyişikliyin əleyhinəyik”.
Sübhani “Azərbaycanın Ermənistana mümkün müdaxiləsi halında İranın reaksiyası necə olacaq” sualına belə cavab verib.
“Əgər söhbət sülh dialoqundan gedirsə, (Azərbaycan – red.) təhdid dilində danışmamalıdırlar. Ermənistanla əməkdaşlığımızın formasına gəlincə, bu, Ermənistan hökumətindən asılıdır. Qarşılıqlı anlayışlara əsaslanaraq hazır olduğumuzu bildirmişik, iki ölkəmizin maraqlarına nə uyğun olacaqsa, Ermənistanla bütün sahələrdə əməkdaşlığa hazırıq”, – səfir bildirib.