Biz Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparmışıq və qeyd etməliyəm ki, biz sülh müqaviləsi layihəsinin mətni üzərində işi demək olar ki, başa çatdırmışıq. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Estoniyanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.
“Ermənistan bir ay ərzində mətni yekunlaşdırmağa və Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Təəssüflə qeyd etməliyəm ki, indiyədək biz azərbaycanlı tərəfdaşlarımızdan bir ay ərzində sülh müqaviləsi imzalamaq təklifimizə müsbət cavab almamışıq, lakin Ermənistan sülh gündəmində və Azərbaycanla münasibətlərin nizamlanmasında, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması və sərhədlərin demarkasiyası prosesini davam etdirməkdə qətiyyətlidir.
Mən həqiqətən inanıram ki, bizim Cənubi Qafqazda münaqişəyə son qoymaq və regionumuzda sülh bərqərar etmək üçün tarixi imkanımız var. Və mən həqiqətən inanıram ki, bu sülh regionun bütün xalqlarına və ölkələrinə fayda verəcəkdir. Biz bu istiqamətdə işi davam etdirəcəyik və Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar olmasında maraqlı olan tərəfdaşlarımızın dəstəyini gözləyəcəyik”, - deyə Ararat Mirzoyan bildirib.