“İnanırıq ki, Ermənistan və ABŞ arasında genişlənmiş tərəfdaşlıq ABŞ-ın Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə davamlı dəstəyi ilə yanaşı, Cənubi Qafqazda sabit və ləyaqətli sülhün bərqərar olmasına töhfə vermək üçün böyük potensiala malikdir”.
Bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ nümayəndə heyəti ilə görüşdə bildirib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla münasibətlərin normallaşmasından da danışıb. Onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsi layihəsi üzərində işi başa çatdırmaq üçün tarixi məqam və real imkan var. “Bu kontekstdə bir daha təsdiq etmək istərdim ki, Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılması və sərhədlərin demarkasiyası prosesinə sadiqdir”.
Nazir vurğuladı ki, Ermənistan suverenlik, yurisdiksiyaya tam hörmət, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanan bütün regional kommunikasiyaların açılmasında maraqlıdır. “Bu, hökumətimizin irəli sürdüyü “Sülh kəsişməsi” təşəbbüsündə ən yaxşı şəkildə öz əksini tapıb”, - Mirzoyan bildirib.