İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında ER-in Təbrizdəki Baş Konsulluğunun açılışı və İranın Kapandakı Baş Konsulluğunun fəaliyyətinə toxunaraq qeyd edib ki, İran və Ermənistan Təbrizdə və Kapanda konsulluqlarının qarşılıqlı açılması haqqında saziş imzalayıblar.
Kənani əlavə edib ki, İranın Kapandakı Baş Konsulluğu Hüseyn Əmir Abdollahyanın Ermənistana səfəri zamanı açılıb və Ermənistan tərəfi Təbrizdə baş konsulluğun açılması üçün lazımi hazırlıq işləri görür. O, İranın Kapandakı konsulluğunun fəaliyyətinin yaxşı getdiyini, bütün iranlı müraciət edənlərə konsulluq xidmətlərinin göstərildiyini vurğulayıb.
İran-Azərbaycan sərhədində bəndin tikintisi və Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması barədə danışan Kənani bildirib ki, bəndin tikintisi iki ölkənin su diplomatiyası çərçivəsində həyata keçirilib. “Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına gəlincə, fəaliyyətin bərpası üçün təxmini tarixlər müəyyən edilib və bu fəaliyyətlərin əhatə dairəsi icra mərhələsindədir”, - deyə Kənani bildirib.