Amnesty İnternational Azərbaycan prezidentinə iqtisadçı və siyasi fəal Qubad İbadoğlunu dərhal azad etmək çağırışı yer alan məktubla müraciət edib.
23 iyul 2023-cü ildən etibarən saxlanılan İbadoğlunun həbsi onun korrupsiyaya qarşı mübarizəyə sarsılmaz sadiqliyinə və hökumətin ədalətsizliyinə qarşı narazılığını ifadə etməsinə görə amansız qisasdır. Onun saxta valyuta ilə bağlı sövdələşmələrdə iştirak və əsassız dini ekstremizm ittihamları ilə həbsi Azərbaycanda fərqli düşünənlərin sistemli şəkildə təqib edildiyini göstərir, deyə məktubda qeyd edilir.
Amnesty İnternational-ın bəyanatında əsas yeri İbadoğlunun səhhəti ilə bağlı ciddi problemlərin həll edilməsi zərurəti tutur.
Amnesty İnternational-ın məktubunda İbadoğlunun əsas hüquqlarının təmin olunmasından imtina olunduğu qeyd edilir və ədalətli məhkəmə çağırışı yer alır. Təşkilat prezident Əliyevi İbadoğluna qarşı bütün ittihamları ləğv etməyə, həm də onun xaricdə zəruri tibbi yardımı almaq üçün Azərbaycandan çıxışına şərait yaratmağa çağırır. Bundan başqa, məktubda hökumət israrla ölkə daxilində təxirəsalınmaz tibbi ehtiyaclarının qarşılanması üçün xarici tibb işçilərinin İbadoğluna kömək etməsinə icazə verməyə çağırılır.
Amnesty İnternational Azərbaycanda tənqidçilərin və dissidentlərin təqibi məqsədilə cinayət məhkəməsi sistemindən sui-istifadələrə son qoymağa, həmçinin Azərbaycanda hüquq müdafiəçilərinə, fəallara və jurnalistlərə qarşı siyasi motivli bütün ittihamları dərhal ləğv etməyə çağırır.