Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə ötən gün imzalanan müvafiq protokolu böyük uğur adlandırıb.
Hökumətin iclasında çıxış edən Nikol Paşinyan bildirib ki, sözügedən sənəd ER suverenliyi və təhlükəsizliyinin möhkəmləndirilməsinin təməl prinsipini təşkil edir.
“Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi şəkildə delimitasiya olunmuş sərhədə malikdir.
Bu isə təkcə protokolda əks olunan istiqamətdə deyil, bütövlükdə Ermənistan-Azərbaycan sərhəd xəttinin hər perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini yüksəldəcək”, – Paşinyan deyib.
Ermənistan hökumətinin başçısı həmçinin Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə Birgə Komissiyanın fəaliyyətini yüksək qiymətləndirib.
Baş nazir qeyd edib ki, prinsipial yanaşma vardı ki, Ermənistanla Azərbaycan arasında yeni sərhəd yaradılmasın, Alma-Ata bəyannaməsinə əsaslanan sərhəd bərpa olunsun.
Baş nazir Paşinyan onu da bildirib ki, Azərbaycanla sərhədlərin delimitasiya prosesi SSRİ-nin 1976-cı ilə aid və yeganə hüquqi qüvvəyə malik olan xəritələri əsasında həyata keçirilir.
Hökumətin iclasında çıxışı zamanı o həmçinin bu xəritələrin hələ 1979-cu ildə dəqiqləşmə prosesindən keçdiyini xatırladıb.
Xatırladaq ki, mayın 15-də Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sərhəddə Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.