OCCRP Azərbaycan prezidenti İlham Əliyevin mühafizə xidmətinin rəhbəri Bəylər Eyubovun mülkiyyətini araşdırıb və müəyyən ediblər ki, onun ailəsi Londonun şimalında üç dəbdəbəli şəxsi evə, eləcə də milyonlarla dollar dəyərində başqa daşınmaz əmlaka malikdir.
OCCRP-nin yeni araştırmasına əsasən, Əyyubovlar Birləşmiş Krallıq və Dubayda toplam dəyəri, azı, 160 milyon dollar olan daşınmaz əmlaka sahibdir. Əyyubovun xanımına və qızına məxsus ofşor şirkətlər Birləşmiş Krallıqda daşınmaz əmlaka 114 milyon dollar xərcləyib. Əyyubovun özü də daxil, ailəsi Dubayda dəyəri 46 milyon dolları aşan əmlakın sahibidir.
Ailə İngiltərədəki aktivlərini 2007-2018-ci illər arasında əldə etdiyi gizli ofşor şirkətlər vasitəsilə saxlayır. Jurnalistlər bu şirkətlərin maliyyə mənbələrini tapa bilməyiblər. Hətta onların Eyubovlara məxsus olması faktı 2022-ci ildə Britaniyaya məxsus xaricdəki şirkətlərin əsl sahiblərini açıqlamasını tələb edən qanun sayəsində üzə çıxıb.
Daşınmaz əmlakın sahiblərinin, adətən, ictimaiyyətə açıqlanmadığı Dubayda Əyyubov və bir neçə ailə üzvünün öz adlarına villaları və ofis məkanları var. Əyyubovun həyat yoldaşının iki şirkətdə – Londonda bol müştərili bir kafedə və Gürcüstanın Batumi şəhərindəki bahalı bir oteldə payı var.
Rəsmi sənədlərə görə, 2020-ci ilədək Əyyubovun illik maaşı heç vaxt 22 min dolları keçməyib. Xanımının indiki iş durumu isə bilinmir. Ancaq 2016-cı ildə Azərbaycan Dövlət Botanika İnstitutu əməkdaşlarının siyahısında onun adı vardı. Qızı isə Britaniyada yaşayan yaşam məsləhətçisidir.
Jurnalistlər Əyyubovla Azərbaycanda maraqları olan zəngin gürcü işadamı Sulxan Papaşvili arasında yaxın münasibəti üzə çıxarıblar. Papaşvili Əyyubovlar ailəsinin üzvləri ilə birlikdə ortaq kommersiya şirkətlərində təmsil olunur. Onun çoxdankı biznes tərəfdaşı isə ailənin London mülklərindən bəzilərinin yönəldilməsində iştirak edir.
Jurnalistlər Əyyubov ailəsinin Dubay mülklərindən 2020-ci ildə sızmış, C4ADS (Center for Advanced Defence Studies) araşdırma təşkilatının təqdim etdiyi bilgilər sayəsində xəbər tutublar. Hər bir mülkün indiki sahibləri haqda məlumat ayrı-ayrılıqda təsdiqlənib. Əyyubov 2006-cı ildən bəri müxtəlif illərdə burada dörd-altı yataq otağı olan dörd villa alıb. O, ötən il bu villalardan birini xanımı Zöhrə Sultanovanın, digərini isə oğlu Elnurun adına keçirib, birini isə özünə saxlayıb. Dördüncü villanın indiki statusu məlum deyil, ancaq həmin villa 2020-ci ildən bəri Əyyubova məxsusdur. Villaların bugünkü dəyəri 26 milyon dollardır.
Qeyd edək ki, Eyubov keçmiş prezident Heydər Əliyevin qohumu ilə evlidir. Milliyyətcə kürddür, 1951-ci ildə Ermənistanın Ararat bölgəsinin, Vosketap kəndində anadan olub.