“Ermənistanın Azərbaycanla sərhədində ordu deyil, Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları yerləşdiriləcək”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, ilk növbədə delimitasiya olunmuş ərazilərdə sərhəd təhlükəsizliyinin sərhəd qoşunlarına verilməsi məsələsi qarşılıqlı şəkildə həll olunacaq:
“İkincisi, tərəflərin delimitasiya komissiyaları iyulun 1-dək komissiyaların birgə fəaliyyətinin reqlamentini razılaşdıracaqlar. Bu reqlamentin əldə edilmiş təcrübəni əks etdirəcək praktiki iş üçün təlimat olması üçün delimitasiyanın ilkin mərhələsi çox vacibdir. Sonra bu reqlament daxili dövlət təsdiqi prosedurundan keçəcək. Bundan sonra komissiyalar görüşməli və növbəti delimitasiya prosesinin ardıcıllığını razılaşdırmalıdırlar”.
Paşinyan qeyd edib ki, danışıqlar zamanı Ermənistan tərəfi Azərbaycanın nəzarəti altında olan 31 sərhədyanı erməni kəndinin əraziləri məsələsini də qaldırıb.