ER xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Feysəl bin Fadl bin Muhsin Əl-İbrahim ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Həmsöhbətlər Ermənistan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələlərin geniş spektrini hərtərəfli müzakirə ediblər.
Ararat Mirzoyan vurğulayıb ki, iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra hərtərəfli ikitərəfli gündəliyin qurulmasının vaxtı çatıb və bunun üçün ticarət-iqtisadi əlaqələrin inkişafı ən yaxşı əsas ola bilər.
Səudiyyə tərəfi bu yanaşmaya qarşılıq verərək, mövcud potensialın ən səmərəli şəkildə reallaşdırılmasına nail olmaq üçün hər iki ölkənin maraqlarını əks etdirən “yol xəritəsi”ni qarşılıqlı razılaşdırmağı təklif edib.
İnvestisiya imkanları və davamlı iqtisadi inkişaf kontekstində nazir Mirzoyan ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsinin təfərrüatlarını təqdim edib. Layihəyə bir sıra beynəlxalq tərəfdaşlar tərəfindən diqqət yetirildiyini bildirən Ararat Mirzoyan Qara dənizə kommunikasiyanın inkişafının Körfəz ölkələri üçün verdiyi imkanların nəzərdən keçirilməsini təklif edib.