Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinkenin üçtərəfli görüşü başlayıb.
Görüşdən əvvəl Von der Lyayen, Paşinyan, Blinken və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Josep Borrell bəyanatlarla çıxış ediblər.
Nikol Paşinyan qeyd edib ki, bugünkü yüksək dialoq Ermənistanın bizim ümumi dəyərlərimizə sadiqliyini və xalqımıza fayda verən daha hesabatlı və vətəndaş mərkəzli ictimai institutlar yaratmaq istəyini vurğulayır.
“Bugünkü yüksək səviyyəli dialoq Ermənistanın ABŞ və Avropa İttifaqı ilə genişlənən tərəfdaşlığını ifadə edir.
Çoxlu böhranlara baxmayaraq, Ermənistan demokratiyanın təmin edilməsi istiqamətində mühüm irəliləyişlər əldə edib.
Əldə edilmiş tərəqqi ilə kifayətlənməyərək, biz Ermənistanın demokratik təsisatların dayanıqlığını gücləndirmək səylərini müzakirə edəcəyik.
Ermənistan Respublikası daha güclü, daha təhlükəsiz və daha mütərəqqi ölkə qurmaq üçün ədliyyə və dövlət sektorunda islahatların irəliləməsinə sadiqliyini bir daha təsdiqləyir.
Biz yeni bazarlara çıxmaq üçün Ermənistanın özəl sektorunun rəqabət qabiliyyətini artırmaqda qərarlıyıq.
Biz tərəfdaşlarımızdan Ermənistanın infrastrukturunun modernləşdirilməsində, biznes şəbəkələrinin qurulmasında və mümkün ticarətin asanlaşdırılması sxemlərinin araşdırılmasında bizə dəstək verəcəklərini gözləyirik.
Xüsusi vurğulamaq istərdim ki, biz 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, bir-birimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırıq.
Bu məqsədə nail olmaq üçün biz qonşu ölkələrlə və onun hüdudlarından kənarda əlaqəni və dialoqu təşviq etmək məqsədi daşıyan “Sülhün kəsişməsi” təşəbbüsünü təqdim etdik.
İnanıram ki, demokratik, sülhsevər və firavan gələcəyə dair ümumi baxışımız bundan sonra da qarşılıqlı etimada əsaslanan münasibətlərimizin sütunu və istiqamətləndirici mayak kimi xidmət edəcəkdir.
Bu dialoqu təşviq etdiyinizə və Ermənistan Respublikasına davamlı dəstəyinizə görə bir daha təşəkkür edirəm”, - baş nazir bildirib.