"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı Azərbaycanda daha beş jurnalistin uydurma "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılmasını tənqid edib. Toplum TV Azərbaycanda jurnalistlərə qarşı repressiyaların daha bir qurbanıdır. Bu xəbər kanalının beş jurnalistini beş ildən səkkiz ilədək həbs cəzası gözləyir, bu təşkilatın bəyanatında deyilir.
"Sərhədsiz Reportyorlar" "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə yeni həbsləri pisləyir və korrupsiya hadisələri haqqında məlumat verən jurnalistləri dərhal azad etməyə çağırır".
Evində guya 7200 avro tapılan və martın 8-dən həbsdə olan kanalın təsisçisi Ələsgər Məmmədlinin həbs müddəti dörd ay uzadılıb.
"Hakimiyyətin məqsədi aydındır: vətəndaş cəmiyyətini təcrid etmək və istənilən fərqli düşüncəni boğmaq. Prezident İlham Əliyev plüralizmin bütün formalarını məhv edərək, müstəqil KİV-ləri rəsmi diskursa uyğunlaşdırır.
RSF Azərbaycanın tərəfdaşlarını ölkədə mətbuat azadlığının vəziyyətinin kəskin pisləşməsinə göz yummağa son qoymağa və müvafiq şəkildə hərəkət etməyə çağırır", deyə SR-in Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelye bildirib.