Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə sözçüsü Piter Stano Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü ilə bağlı Bakının bəyanatlarına cavab verib.
O, aprelin 5-də Cenevrədə keçiriləcək görüşün mahiyyəti ilə bağlı məlumatı qeyri-dəqiq adlandırıb.
“İclasın “təhlükəsizlik təminatlarına” həsr olunacağı doğru deyil. Aİ-ABŞ-Ermənistan münasibətlərindən başqa digər məsələlərə toxunmayacaq”, - deyən Stano əsas diqqətin Ermənistan iqtisadiyyatının sabitliyinə və ikitərəfli əməkdaşlığa yönəldiləcəyini bildirib.
Stanonun sözlərinə görə, Aİ-Ermənistan ikitərəfli tərəfdaşlığına əsaslanan iqtisadiyyatını gücləndirmək üçün Ermənistanla əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək imkanı olacaq.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də Bakının ittihamlarına oxşar bəyanatla cavab vermişdi.