Cümə axşamı Birləşmiş Ştatlar Rusiya XİN-in Brüsseldə keçiriləcək Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşü ilə bağlı tənqidini qəbu etmədiyini bildirib. Mətbuat katibi Mariya Zaxarova keçiriləcək görüşü "Qərbin Ermənistanın Rusiya ilə ittifaqını pozmaq səyləri" adlandırmışdı.
"Regionda müşahidə etdiyimiz müəyyən boşluq Rusiyanın son bir neçə aydakı hərəkətləri nəticəsində yaranıb", deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinqdə bildirib.
"Brüsseldə keçiriləcək bu görüşə gəlincə, artıq dediyim kimi, o, ticari tərəfdaşlığının şaxələndirilməsi və humanitar ehtiyaclarının təmin edilməsi üzərində işləyən Ermənistanın iqtisadi sabitliyinə həsr olunacaq".
Dövlət katibi Entoni Blinken və USAID-in administratoru Samanta Pauer gələn həftə Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistan baş naziri Paşinyan ilə birlikdə ABŞ və Aİ-nin Ermənistanla üçtərəfli görüşündə iştirak etməyi planlaşdırır.