Vaşinqton ABŞ, Avropa İttifaqı və Ermənistanın Brüsseldə yalnız Ermənistana aid üçtərəfli görüşü ilə bağlı Bakının tənqidini qəbul etməyib.
"Aprelin 5-də bu görüşdə əsas diqqət Ermənistana öz ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə kömək etmək üçün iqtisadi dayanıqlığa yönəldiləcək. Mən başa düşmürəm ki, niyə bu, hər hansı ölkə üçün problem olmalıdır”, - Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
Miller Avropa İttifaqını və ABŞ-ı sülh prosesinə "mənfi təsir göstərməkdə", yeni "ayırıcı" xətlər yaratmaqda və "sabitliyi pozan hərəkətlərdə" ittiham edən azərbaycanlı həmkarı Ayxan Hacızadənin bəyanatına belə reaksiya verib.
"Əlbəttə ki, bu cür qiymətləndirmələrlə razı deyiləm",- Miller deyib.
O qeyd edib ki, dövlət katibi Blinken və USAID rəhbəri Samanta Pauer Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Paşinyanla birlikdə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə iştirak edəcəklər.
"Brüssel görüşü Ermənistanın iqtisadi dayanıqlığına, ticarət tərəfdaşlarının şaxələndirilməsinə və humanitar ehtiyaclarının ödənilməsinə həsr olunacaq".