Bazar günü Rusiya son dörd gün ərzində Ukraynaya üçüncü, ölkənin paytaxtı Kiyevə isə ikinci irimiqyaslı raket hücumu həyata keçirib.
Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko deyib ki, Rusiya hücumu həyata keçirməkdən ötrü “Tu-95MS” strateji bombardmançı təyyarələrdən buraxılmış qanadlı raketlərdən istifadə edib.
Həmin gün Rusiyanın hücumu nəticəsində NATO üzvü Polşanın əməliyyat komandanlığı açıqlama verərək bildirib ki, saat 04:23-də Rusiya tərəfindən Ukraynanın qərbindəki şəhərlərə atılan qanadlı raketlərdən biri Polşanın hava məkanını pozub. Rusiya raketi qəfil Polşa şəhəri yaxınlığında peyda olub və 39 saniyə bu ölkənin səmasında qalıb.
Qeyd olunur ki, bu müddət ərzində hərbi radar sistemləri qanadlı raketi izləyib, daha sonra isə mobil vəziyyətdə Polşanın hava məkanının təhlükəsizliyini təmin etməkdən ötrü bütün prosedurlar həyata keçirilib.