Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Şərqi Uruqvay Respublikasının xarici işlər naziri Omar Paqanini ilə görüşüb.
Həmsöhbətlər Ermənistan və Uruqvay arasında siyasi dialoqun yüksək səviyyədə olmasını məmnunluqla qeyd edərək, ikitərəfli gündəliyin müxtəlif sahələrdə daha da zənginləşdirilməsi üçün addımlar atmağa hazır olduqlarını da bildiriblər.
Hər iki tərəf vurğulayıb ki, ER xarici işlər nazirinin bu tarixi səfəri, eləcə də hər iki ölkənin paytaxtlarında rezident səfirliklərinin açılması əməkdaşlığın dərinləşdirilməsi istəyinin ən yaxşı sübutudur.
Ararat Mirzoyan və Omar Paqanini siyasi dialoq səviyyəsinə uyğun ticari-iqtisadi və biznes əlaqələrinin inkişafına, həmçinin təhsil və yüksək texnologiyalar sahələrində yeni imkanlardan maksimum istifadə olunmasına böyük əhəmiyyət veriblər.
Tərəflər Ermənistan və Uruqvayın xarici siyasi departamentləri arasında siyasi məsləhətləşmələrin aparılması mexanizminin səmərəliliyini vurğulayaraq, növbəti məsləhətləşmələrin Yerevanda keçirilməsi niyyətini təsdiqləyiblər.
Nazirlər Uruqvaydakı böyük erməni icmasının erməni və uruqvay xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna rolunu vurğuladılar.
Bu kontekstdə qeyd olunub ki, ötən əsrin əvvəllərində Erməni Soyqırımından sağ çıxan ermənilərə sığınacaq verən Uruqvay 1965-ci ildə soyqırımı tanıyan ilk ölkə idi və bu gün öz ictimai-siyasi həyatında erməni xadimlərinin və mütəxəssislərinin mühüm töhfəsini görür.
Görüşdə çoxtərəfli platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Ararat Mirzoyan “Sülh kəsişməsi” layihəsini də təqdim edib. Mirzoyan mövcud, çağırışlarla dolu, pozulmuş dünya nizamı şəraitində beynəlxalq birliyin beynəlxalq hüququn məlum prinsiplərinə sadiq qalmasının vacibliyini vurğulayıb.
Ermənistan Respublikasının XİN başçısı Uruqvayın Ermənistan üçün əsas məsələlərlə bağlı indiyədək göstərdiyi mövqelərə görə minnətdarlığını bildirib.