Böyük Britaniya parlamentinin İcmalar Palatasında “Dağlıq Qarabağdan olan erməni qaçqınlarına beynəlxalq dəstək” mövzusunda müzakirələr zamanı Mühafizəkarlar Partiyasından olan deputat Con Uittinqdeyl Ermənistana son səfərindən danışıb.
“Bizim Dağlıq Qarabağdan olan qaçqınlarla çox həyəcanlı görüşlərimiz oldu. Mən onları dəstəkləmək üçün etdiyimiz çağırışları tam təsdiq edirəm”, - deyə deputat bildirib.
O qeyd edib ki, hazırda Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ehtimalı var. Uittinqdeyl Azərbaycanı Naxçıvanla birləşdirən yola da toxunaraq qeyd edib ki, Ermənistan bu əlaqəni təmin etməyə hazırdır, lakin öz suverenliyi bahasına deyil, çünki Bakının Ermənistana qarşı ərazi ambisiyaları var.
Deputatın sözlərinə görə, Ermənistan ənənəvi olaraq Rusiyanın müttəfiqi kimi qəbul edilsə də, ölkə əhalisi arasında Moskvadan böyük məyusluq və Qərblə yaxınlaşmaq istəyi var. Uittinqdeylin fikrincə, Ermənistan bu məsələdə dəstəklənməlidir.