Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya Yardım Fondunun (UYF) yaradılmasını təsdiqləyib və bu məqsədlə 5 milyard avro (5,4 milyard dollar) ayırıb.
Qərar Avropa İttifaqına üzv ölkələrin nazirlərinin Ukraynaya dəstəyi və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyi Brüsseldə Aİ-nin Xarici Əlaqələr Şurasında qəbul edilib.
Şuranın məlumatına görə, fond Avropa İttifaqına hərbi texnika və təlimlər vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını dəstəkləmək imkanı verəcək.
“Avropa İttifaqı öz öhdəliklərini yerinə yetirir. Ukraynaya Yardım Fondu sözlərimizi hərəkətə çevirir. Fondun köməyi ilə biz lazım olana qədər Ukraynanı hər vasitə ilə dəstəkləməyə davam edəcəyik”, - deyə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrel bildirib.